İsveçdə ölkənin ən yaşlı sakininin yubileyi qeyd edilib
Stokholm, 10 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Çərşənbə axşamı Höteborqda İsveçin ən yaşlı sakini olan Birgit Yuhansonun 110 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, o, 1915-ci il dekabrın 9-da anadan olub və nəhəng tarixi dəyişikliklərin - iki dünya müharibəsinin, qadınların seçki hüququnun tətbiqinin və İsveç cəmiyyətinin transformasiyasının şahidi olub.
Şənlik ailə daxilində keçirilib, burada təxminən otuz qohum və dost iştirak edib. Yubilyar fəxri kürsüdə əyləşib, təbrikləri qəbul edib.
Qonaqlar fotoşəkillərə baxıblar, şəkillərin bir çoxu onun gənclik illərinə aiddir.

Birgit Yuhanson hər zaman aktiv həyat tərzi sürüb - ailəyə məxsus qadın baş geyim fabrikində işləyib, manekençi kimi çalışıb, çoxlu səyahət edib, təxminən 95 yaşına qədər maşın sürüb, bric və qolf oynayıb. O, uzunömürlülük üçün heç bir xüsusi qaydaya əməl etmədiyini etiraf edir.
“İdmanla xüsusi olaraq məşğul olmamışam. Hərdən bir qədəh şərab qəbul edə bilərdim”, - deyə Birgit bəhs edir.
İsveçdə yüz yaş yaşayan insanların sayı artır. 2000-ci illərin əvvəllərindən bəri azı 100 il yaşamış kimi qeydiyyata alınan isveçlilərin sayı 991-dən 3279-a yüksəlib. Lakin 110 yaşına çatmış “superuzunömürlülər”ə olduqca nadir halda rast gəlmək olar. Ötən ilin sonunda İsveçdə beş belə insan yaşayırdı. Mərkəzi Statistika Bürosunun məlumatına görə, ölkədə yalnız bir belə insan qalıb - Birgit Yuhanson. Yuhanson özü zarafat edir ki, azı 113 il yaşamaq niyyətindədir.