İtaliya A Seriyası: "İnter" iki topluq üstünlüyü sonadək qoruya bilməyib
Bakı, 27 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 26-da İtaliya A seriyasının ikinci turun maraqla gözlənilən oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "San Siro" stadionunda baş tutan oyunda Milan şəhərin təmsilçisi "İnter" "Torino" klubunu qəbul edib.
Hesabı meydan sahibləri erkən qolla açıblar. "İnter" klubunun kapitanı Mauro İkardinin cinah ötürməsindən sonra İvan Perişiç birbaşa qapıya zərbə vuraraq baxımlı qola imza atıb - 1:0. Vurulan qoldan sonra hücumlarını artıran "İnter" fasiləyə qədər hesab arasındakı fərqi iki topa çatdırıb.
Belə ki, Mateo Politanonun künc zərbəsi ötürməsini De Vrij dəqiq baş zərbəsi ilə tamamlayıb - 2:0. Birinci hissə Milan təmsilçilərinin 2:0 üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra qarşılaşmanın 56-cı dəqiqəsində "Torino" klubunun əsas qol silahı sayılan Andrea Belloti hesabı minimuma endirib. Qapıçı ilə təkbətək qalan İtaliya millisinin hücumçüsu şansın əldən verməyib - 2:1.
Matçın 68-ci dəqiqəsində "Torino" klubunun yarımmüdafiəçisi Soualiho Meite meydan sahiblərinin iki müdafiəçisini mükəmməl keçərək fərdi ustalığı sayəsində hesaba tarazlıq gətirib - 2:2.
"İnter" klubunun qalan dəqiqələrdə bir neçə təhlükəli vəziyyətlər yaratmasına baxmayaraq oyun bu hesabla başa çatıb.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Genoa" - "Empoli" - 2:1
"Yuventus" - "Lazio" - 2:0
"Napoli" - "Milan" - 3:2
"SPAL" - "Parma Kalsio" - 1:0
"Fiorentino" - "Kyevo" - 6:1
"Flosinone" - "Bolonya" - 0:0
"Udineze" - "Sampdoriya" - 1:0.
Qeyd edək ki, İtaliya A Seriyasının ikinci turuna avqustun 27-də keçiriləcək "Roma" - "Atalanta" oyunu ilə yekun vurulacaq.