İtaliya A Seriyası: "Napoli" - "Milan" oyununda beş qol vuruldu
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 25-də İtaliya A Seriyasının ikinci turunun ilk oyun gününün sonuncu matçı keçirilib.
AZƏRTAC xəbər verir ki, "San Paolo" stadionunda keçirilən qarşılaşmada meydan sahibi "Napoli" “Milan”a 3:2 hesabı ilə qalib gəlib.
Oyunda hesabı qonaq komanda açıb. Borininin ötürməsindən sonra Cakomo Bonaventura baxımlı qola imza atıb - 0:1. Qoldan sonra irəli atılan meydan sahiblərinin cəhdlərinə baxmayaraq hesab dəyişməyib. Komandalar fasiləyə "rossoneri"lərin 1:0 hesablı minimal üstünlüyü ilə yollanıblar.
Matçın ikinci hissəsində "Milan" klubunun ilk hücumu qolla nəticələnib. Belə ki, Frank Kessinin cərimə meydançasına verdiyi ötürməni Suso sinəsi ilə saxlayaraq Kalabriyaya ötürüb və sonuncu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2. Qarşılaşmanın 53-cü və 67-ci dəqiqələrində neapolluların yarımmüdafiəçisi Pyotr Şəkinski hesaba tarazlıq gətirib - 2:2. Oyunun 80-ci dəqiqəsində Dris Mertens oyunda son nöqtəni qoyub - 3:2.
"Napoli" İtaliya A Seriyasının birinci turunda "Lazio" klubunu 2:1 hesabı ilə məğlub edib. "Milan"ın isə turnirin açılış turunda "Genoya" ilə oyunu təxirə salınıb.
Qeyd edək ki, hər iki klub İtaliyada ilk yaranan klublardan sayılır. Komandalar bu vaxta kimi 141 dəfə üz-üzə gəliblər. Onların 54-də “Milan”, 42-də isə “Napoli” üstün olub. Qırx beş oyun heç-heçə yekunlaşıb.
“Milan” klubunun “Napoli” üzərində ən böyük qələbəsi 1959-cu ilə təsadüf edir (6:1).
Günün ilk oyununda "Yuventus" klubu "Lazio" ilə qarşılaşıb. Görüş son çempion "Yuventus" klubunun xeyrinə başa çatıb (2:0). Turinlilərin heyətində Miralem Pyaniç (30) və Mario Madzukiç (75) fərqləniblər.