İTALİYA HƏBSXANALARINDA QOLBAQLARDAN İSTİFADƏ EDİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İtaliya hökuməti ölkədəki həbsxanalarda məhbus çoxluğunu nəzərə alaraq, elektron qolbaqlardan istifadə etməyi planlaşdırır. İki ildən az müddət üçün cəzaya məhkum olunmuş şəxslərin ev dustağı qaydasında nəzarətdə saxlanması bundan sonra elektron qolbaqlar vasitəsilə həyata keçiriləcəkdir.
İtaliyanın daxili işlər naziri Roberto Maroni bildirmişdir ki, elektron qolbaq tətbiq olunmuş ev dustağı qaçmağa cəhd göstərərsə, bu zaman məhbusun cəzasının üstünə beş il də əlavə ediləcəkdir. Hökumətin yeni planı 7.400 məhbusa şamil ediləcəkdir.
İtaliyanın ədliyyə naziri Ancelino Alfano isə qeyd etmişdir ki, həbsxanalarda yer çatışmazlığı problemini qismən həll etmək üçün, İtaliya tərəfi cinayət törətmiş minlərlə əcnəbini öz vətənlərinə ekstradisiya etmək məcburiyyəti ilə üz-üzədir. Elektron qolbaq 4.700-dən artıq əcnəbinin öz ölkəsinə təhvil verilmədən cəza çəkməsini təmin etməyə və həbsxanalarda yer çatışmazlığını aradan qaldımağa imkan verəcəkdir.
İtaliyada hər ay, orta hesabla, 800-1000 nəfər barəsində həbs qətimkan tədbiri seçilir. Cari ilin avqustun 31-də ölkədə dəmir barmaqlıqlar arxasındakı insanların sayı 55 min 831 nəfər olmuşdur. Ölkədə fəaliyyət göstərən 205 cəzaçəkmə müəssisəsi isə ümumilikdə maksimum 43 min 262 məhbus üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin qənaətinə görə, növbəti ilin eyni dövrünədək İtaliyada cəzaçəkmə müəssisələrindəki məhbusların sayı 67 min nəfəri ötə bilər.