İtaliya mətbuatı 20 Yanvar hadisələrindən bəhs edir
Roma, 21 yanvar (AZƏRTAC). İtaliyanın bir sıra xəbər agentlikləri öz saytlarında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı məqalələr yerləşdirmişlər.
Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtında baş vermiş faciəli hadisələrdən, sovet qoşunlarının Bakıya soxularaq şəhərin dinc əhalisinə divan tutmasından bəhs olunur. Bildirilir ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
Oxucuların diqqətinə çatdırılır ki, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə erməni millətçilərinin Azərbaycana qarşı heç bir əsası olmayan ərazi iddialarına etirazını bildirmək məqsədi ilə küçələrə çıxan əliyalın insanların üzərinə təpədən-dırnağadək silahlanmış qoşun hissələri yeridilmişdir. Bu hərbi müdaxilə nəticəsində çoxlu sayda insan qətlə yetirilmiş və yaralanmışdır.
Həmçinin məlumat verilir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olunmuşdur. Həmin ərazilərdən didərgin düşmüş azərbaycanlılar doğma yurdlarına dönəcəyi günü intizarla gözləyirlər.
Məqalələrdə qeyd olunur ki, Azərbaycan xalqı 20 Yanvarı daim xatırlayır, şəhidlərin xatirəsini ehtiramla yad edir və qanlı qırğını törədənlərə öz dərin nifrətini bildirir. Bu faciə Azərbaycanın müstəqillik tarixində mühüm yer tutur.
Hər il dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin qurbanlarını anmaq məqsədi ilə konfranslar, seminarlar, “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma