İtaliya Rivierasının bənzərsiz və heyrətamiz bölgəsi: Çinkue Terre - FOTOREPORTAJ
Çinkue Terre, 10 iyul, AZƏRTAC
İtaliyanın şimal-qərbində, Liquriya regionunun La Spetsiya əyalətinin mərkəzində yerləşən Çinkue Terre (Beş torpaq) sahilyanı ərazi boyunca yerləşən 5 kənddən ibarətdir. Liquriya dənizi sahilindəki Riomacciore, Manarola, Vernezza, Monterrosso al Mare və Korniqliya kəndləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Burada evlərin əksəriyyəti leqo kimi təpədə yerləşir və kəndlər arasında nəqliyyat sahildən dəmir yolu xətti ilə, dənizdən isə qayıqlar vasitəsilə təmin olunur. Çətin relyef şəraiti və sıldırım yamaclar arasında həyat qurmağa çalışan buranın sakinləri bölgənin təbii teksturasına müdaxilə etməli olublar. İnsanlar sərt qayalarda evlər inşa edib və qayaların arasında üzüm, zeytun və limon yetişdirmək üçün əkinçilik terrasları yaradıblar. Kəndlərin təbiiliyini saxlamaq üçün burada yollar çəkilməyib. Əhali səbir və təbiətə hörmətlə addım atıb. Nəticədə təbiətlə insanların mükəmməl harmoniya içində yaratdığı bu bənzərsiz və heyrətamiz mühit yaranıb.
Çinkue Terre əslində milli park bölgəsidir. 1999-cu ildə milli parkı olan Parko Natsionale delle Çinkue Terre təxminən 4 min hektar ərazisi ilə İtaliyanın ilk və ən kiçik milli parkıdır. Bura, eyni zamanda, beş kənddə yaşayan təxminən 5 min əhalisi ilə ən çox məskunlaşan bölgə tituluna malikdir. Bölgənin sərhədləri daxilində olan dəniz və sahillər akademik və elmi araşdırmalar aparılması üçün “Dəniz mühafizəsi sahəsi” elan edilib.
Kəndlərin fotoşəkilləri onlara geniş rakursdan baxdıqda hamısının bir-birinə bənzədiyini düşünməyə vadar edir. 1970-ci illərdə bölgənin turistik məkan kimi kəşf edilməsi ilə bu kəndlərdəki evlər müxtəlif rənglərlə boyanıb, bu da kəndlərə cəlbedicilik qatır.
Riomacciore La Spetsiyadan şimal istiqamətində, Çinkue Terre kəndlərindən birincisidir. Bura müxtəlif rənglərlə boyanan evləri ilə ən gözəl mənzərəsi olan kənddir.
Manarola əsasən balıqçıların yaşadığı kənddir və buranın sakinləri dənizdə olarkən öz evlərini uzaqdan fərqləndirmək üçün onları rəngarəng boyayıblar.
Vernazza da tarixi evləri ilə fərqlənir. Lakin Riomaccioredən yeganə fərqi odur ki, burada yoxuş yoxdur. Vernazza sahilindəki evlər digər kəndlərdə olduğu kimi çox gözəldir.
Monterosso al Mare digər 5 kəndlə müqayisədə ən uzun sahil xəttinə malikdir və qumlu çimərliyi olan yeganə kənddir. Ona görə də bura ən çox əhalisi olan yaşayış yeridir.
Korniqliya sahil xətti olmayan yeganə kənddir. Kənd dəniz səviyyəsindən 100 metr yüksəklikdə salınıb. Kəndə qalxmaq üçün 382 pillədən ibarət pilləkəndən və nəqliyyat vasitələrindən istifadə etmək lazımdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Çinkue Terre