İtaliyanın bir sıra şəhərlərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyaları keçirilib
Roma, 4 mart, AZƏRTAC
Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar İtaliyanın Roma, Venesiya, Peruca, Terni şəhərlərinin əsas meydanlarında bu ölkədə təhsil alan azərbaycanlı tələbələr tərəfindən məlumatlandırma aksiyaları təşkil edilib.
AZƏRTAC xəbər verir ki, aksiyaların məqsədi İtaliya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, Ermənistan tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımı və digər cinayətlər barədə həqiqətləri yaymaq olub.
Aksiyaların iştirakçıları üzərində “Xocalıya ədalət!”, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalı unudulmamalıdır!” və digər şüarlar yazılmış plakatları əllərində tutaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoyması, Xocalıda törədilmiş qətliamın səbəbkarlarının cəzalandırılması və bu soyqırımına siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar ediblər.
Aksiyalara maraq göstərən insanlara Xocalı soyqırımını əks etdirən broşürlər və bukletlər paylanılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma