İtaliyanın “Espansione” jurnalının saytında Azərbaycanda bir çox sahələrdə əldə olunan uğurlar təhlil olunmuşdur
Roma, 13 iyun (AZƏRTAC). İtaliyanın “Espansione” jurnalının saytında Azərbaycanda bir çox sahələrdə əldə edilən uğurların təhlil olunduğu məqalə yerləşdirilmişdir.
Məqalədə qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakı hazırda bir çox sahələrdə, o cümlədən enerji, infrastruktur, ərzaq, moda və digər sektorlarda fəaliyyət göstərən şirkətlər üçün önəmli bir məkana çevrilmişdir. Müasir göydələnlər Xəzərin sahilində yerləşən bu şəhərin yeni görkəmini formalaşdırmışdır. Tikinti sektorunun yüksəlişi meqapolisə çevrilən Bakının hər nöqtəsində nəzərə çarpır.
Müəllif Azərbaycanda fəaliyyət göstərən İtaliya şirkətləri haqqında ətraflı məlumat verir. Bildirilir ki, bu şirkətlərin çoxluq təşkil etməsi iki ölkə arasında yaxın əlaqələrin göstəricisidir. Əsasən tikinti, geyim, dizayn, şərabçılıq, bank, mebel, əczaçılıq və digər istiqamətlərdə italiyalı iş adamları Azərbaycanda uğurla fəaliyyət göstərirlər.
Yazıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun fikirlərinə də yer verilmişdir. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olan İtaliya şirkətləri üçün bir sıra üstünlüklər təklif olunur. O demişdir: “Azərbaycan iqtisadiyyatı dünyada sabit inkişaf edən iqtisadiyyatlardan biridir. Əlverişli investisiya mühitinin mövcud olduğu ölkəmizdə xarici və yerli şirkətlər üçün bərabər imkanlar yaradılır”.
Məqalədə, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu, “Bakı Ağ şəhər”, “Xəzər adaları” və digər irimiqyaslı layihələr barədə də məlumat verilir.
Müəllif enerji ehtiyatları ilə zəngin olan Azərbaycan neftinin Avropanın enerji bazarında rolunun artmasından və TAP layihəsindən də bəhs edir. Yazıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun fikirlərinə də yer verilir: “Azərbaycan qazının İtaliya vasitəsilə Avropaya çatdıracaq TAP layihəsinin reallaşması nəticəsində Avropa daha ucuz qiymətə qazla təmin olunacaq və minlərlə yeni iş yeri açılacaqdır”.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.espansioneonline.it/2014/06/la-tigre-caucasica-sogna-made-in-italy/
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma