İTALİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşa qəbulda çıxış edərək 60 il əvvəl baş vermiş hadisənin ölkəsinin tarixindəki əhəmiyyətindən danışmış və İtaliya ilə Azərbaycan arasında genişlənən əlaqələrdən məmnun olduğunu bildirmişdir. Səfir demişdir ki, biz milli bayramımızı qonaqpərvər Azərbaycan xalqı ilə birgə qeyd etməkdən çox məmnunuq. Əminəm ki, ölkələrimizin arasında müxtəlif sahələrdə yaranmış əlaqələr daha da dərinləşməkdədir. Azərbaycandakı əlverişli sərmayə mühiti İtaliya sahibkarlarının diqqət mərkəzindədir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək əlamətdar gün münasibətilə İtaliya xalqını təbrik etdi, dövlətimizin başçısı İlham Əliyevin salamlarını və xoş arzularını çatdırdı. Azərbaycanla İtaliya arasında əlaqələrin yeni mərhələsi barədə danışaraq dedi ki, İtaliya böyük mədəniyyətin, incəsənətin, musiqinin beşiyidir. İtaliya Avropada Azərbaycanla daha sıx əməkdaşlıq edən ölkələrdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlər ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərindən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün Azərbaycan rəhbərliyi İtaliya ilə əlaqələrin daha dinamik inkişaf etməsi, bütün sahələrdə genişlənməsinə cox böyük əhəmiyyət verir, dövlətlərimiz və xalqlarımız arasında əməkdaşlığın möhkəmlənməsinə çalışır.
Sonra milli bayram münasibətilə İtaliya pianoçusu xanım Alice Mikaellesin konserti olmuşdur.