İTAR-TASS-IN BAŞ DİREKTORU VİTALİ İQNATENKONUN ÇIXIŞI
- Hörmətli İlham Heydəroviç!
Bu görüşə görə çox sağ olun. Biz Azərbaycanda İTAR-TASS günlərinə, sadəcə, jurnalist aksiyası kimi baxmırıq. Peşə problemlərimiz və uğurlarımız barədə başqa formatda fikir mübadiləsi etmək imkanımız olmuşdur. Düşündük ki, burada iştirak edən görkəmli rusiyalıları, görkəmli insanları Bakıya dəvət etmək həm Rusiya, həm də Azərbaycan üçün faydalı olar. Onlar mənim həmkarlarım - baş redaktorlar, televiziyaların rəhbərləri, görkəmli artistlər, yazıçılar, fiziklər və cərrahlardır. Zənnimcə, digər ölkələrdən gələnlərə də minnətdarlıq etməliyik. Burada Birləşmiş Ştatlar, Finlandiya, Bolqarıstan, Latviya və Almaniyadan gəlmiş nümayəndələr var. Məncə, onların bizim dəvətimizi qəbul etmələri çox gözəl haldır. Bu insanlar sizin respublikanıza öz münasibətini çox qiymətləndirirlər.
İlham Heydəroviç, artıq üçüncü dəfədir ki, biz bu salondayıq. Azərbaycanın unudulmaz lideri Heydər Əliyeviç Əliyev burada bizi iki dəfə qəbul etmişdir. İndi başa düşürəm ki, o, nəyi isə bizə çatdırmaq, izah etmək üçün bu görüşlərə təkcə vaxtını deyil, həm də sağlamlığını əsirgəmirdi. Görünür, hərdən ona hətta elə gəlirdi ki, biz heç də hər şeyi başa düşmürük. Zənnimcə, bu, həqiqətən, belə idi. Bax, hətta elə bu stolun arxasındaca bizim səfər planımızı tərtib edirdi. Yadımdadır, biz qaçqınların yaşadıqları uçuq-sökük yerlərə getmişdik. Bütün gün ərzində orada onlarca insanla danışdıq və bu görüş çoxlarını sarsıtdı. Oradan qayıdandan sonra biz bu ağlasığmaz problemi ayrı cür dərk etdik. Zənnimcə, hazırda biz ayrı şəraitdə, dövlətlərimizin liderləri arasında tam anlaşma olduğu və bizim üçün yaradılmış şəraitdə yaşayırıq. Bu şərait bizə işimizdə ancaq kömək edir və zənnimcə, Kremldə Sizin iştirakınızla və Vladimir Vladimiroviç Putinin iştirakı ilə ölkələrimiz arasında informasiya mübadiləsi haqqında həmkarımla imzaladığımız müqavilə də işimizə çox kömək edir. Mənə belə gəlir ki, hər birimizin bu gün sizin ölkədə bir-iki və ya daha çox qeyri-rəsmi dostunun olması, onların günlərini və axşamlarını bizə həsr etməsi kimi heyranlıq doğuran insani münasibətləri heç nə əvəz edə bilməz. Onlar öz ölkəsinin vətənpərvərləridir və zənnimcə, bu, çox vacibdir.
Əlbəttə, İTAR-TASS-ın bu sadə tədbiri bizim ictimai fəaliyyətimiz çərçivəsində keçirilir. Ola bilsin, bu, informasiya agentliyinə o qədər də xas deyil, lakin hər şeyi öz gözü ilə görmək, duymaq, öz fikirlərini xeyirxah və çoxəsrlik qonşusunun düşüncələri ilə uzlaşdırmaq istəyən rus ziyalılarına çox xas olan bir cəhətdir.
Bir daha görüşmək imkanına görə çox sağ olun. Zənnimcə, həmkarlarım da nəsə demək istəyirlər.