İvakidə Sakit okeanda yerləşən ada-dövlətlərin liderlərinin görüşü keçirilir
Tokio, 18 may, AZƏRTAC
Mayın 18-də Fukuşima prefekturasının İvaki şəhərində Yaponiyanın və Sakit okeanda yerləşən digər 18 ada-dövlətin liderlərinin görüşü başlayıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, iki gün davam edəcək görüş ərəfəsində Yaponiyanın xarici işlər naziri Taro Kono tərəfindən liderlər üçün rəsmi qəbul təşkil edilib.
Qəbulda çıxış edən T.Kono deyib: “Adaların sakinləri olaraq, biz azad və açıq okeanın əhəmiyyətini daha yaxşı anlayırıq. Bu üstünlükləri qorumaq və daha da inkişaf etdirərək gələcək nəsillərə ötürmək üçün birləşməliyik”.
Yaponiyanın Baş naziri Şinzo Abe Hind-Sakit okean regionunda qanuna və naviqasiya azadlığına xüsusi diqqət yetirərək, bu ərazidə azad və açıq inkişaf strategiyasını həyata keçirmək üçün əməkdaşlığa nail olmağa çalışır.
Ş.Abe, eyni zamanda, qlobal istiləşmə ilə əlaqədar dəniz səviyyəsinin qalxması fonunda təbii fəlakətlərin qarşısını almaq üçün hazırlıq məsələləri ilə bağlı müzakirələrin təşkilində də maraqlıdır.
Bununla bərabər, Baş nazir Şimali Koreyaya təzyiqlərin davam etdirilməsi və bu ölkənin əmtəələrin ofşor mübadiləsindən istifadə edərək sanksiyalardan yan keçmək niyyətinin qarşısını almaq məqsədilə əməkdaşlığı genişləndirməyi də planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio