İyul döyüşlərində yaralanmış əsgər Nurlan Quliyevin evi əsaslı təmir olunur
Masallı, 22 avqust, Bağır Əliyev, AZƏRTAC
Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən iyulun 13-dən 14-nə keçən gecə qəhrəmanlıq göstərərək yaralananlar arasında Nurlan Quliyev də var. O, Şəmkir və Gəncə hərbi hospitalında həkimlərin səyi nəticəsində sağalaraq doğma rayonuna - Masallının Sığıncaq kəndinə qayıdıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə Nurlan Əsgərovun yaşadığı dördotaqlı fərdi yaşayış evi əsaslı təmir edilir və son tamamlanma işləri görülür. Evin dam örtüyü, tavan və döşəmə yenilənib, hamam və sanitar qovşaq tikilib.
Əsaslı təmirdən sonra fərdi yaşayış evi mətbəx mebeli, televizor və digər məişət avadanlığı ilə təmin ediləcək.
Yaşayış binasının həyətində yeni su quyusu qazılıb, hasara darvaza qoyulub.
“Güclü dövlətimiz, ordumuz var. Torpaq bizim qeyrətimiz, namusumuzdur. Onu qorumağa hər zaman hazırıq”, - deyən Milli Ordunun əsgəri yaşadığı fərdi yaşayış evinin əsaslı təmirində əməyi olan xeyirxah insanlara minnətdarlığını bildirib.