İyunun 15-i Azərbaycanın xilası və ölkəmizdə demokratik dövlət quruculuğunun başlandığı gündür
Naxçıvan, 9 iyun (AZƏRTAC, Tural Kəngərli). İyunun 9-da Naxçıvan Muxtar Respublikasının Babək Rayon Mərkəzi Xəstəxanasında “Ümummilli lider Heydər Əliyev və Milli Qurtuluş Günü” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının baş həkimi Xəlil Cəfərəliyev konfransı giriş sözü ilə açaraq 15 İyun- Milli Qurtuluş Gününün əhəmiyyətindən ətraflı söhbət açmışdır. Vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə son qoyulmuş, separatçı qüvvələr zərərsizləşdirilmiş, demokratik dövlət quruculuğu prosesinə başlanılmışdır.
Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizdə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən qabaqcıl ideologiya dövlət quruculuğu prosesinin əsas siyasi xəttinə çevrilmişdir. Bununla yanaşı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmışdır.
Vurğulanmışdır ki, bu gün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq, inkişaf yolu strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın hər tərəfində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Ulu Öndərin siyasi xətti zənginləşdirilərək davam etdirilir, gələcəyimizlə, inkişafımızla bağlı əbədi liderin arzuları böyük inamla həyata keçirilir. Bu mənada dahi rəhbər Heydər Əliyevin fəaliyyəti və şəxsiyyəti Azərbaycanın müstəqillik tarixinin ayrılmaz hissəsini təşkil edir.
Yeni Azərbaycan Partiyası Babək Rayon Mərkəzi Xəstəxanası ilk təşkilatının sədri Hüseyn İsmayılov, xəstəxananın baş həkiminin müavini Vəliqulu Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının tarixi səbəblərindən danışmış, Ulu Öndərin ölkəmizdə sabitliyin bərqərar olunması istiqamətində yorulmaz fəaliyyətindən söhbət açmışlar.