Jalə Əliyeva: Azərbaycan daha bir diplomatik uğura imza atdı
Bakı, 21 iyul, AZƏRTAC
Son 27 ildə, xüsusilə də Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə aparılan düzgün, uzaqgörən, balanslı, tarazlı xarici siyasət kursu öz bəhrəsini verir. ABŞ Konqresi nəhayət Azərbaycan, Qarabağ həqiqətlərini qəbul və etiraf etdi, Ermənistanın işğalçı və təcavüzkar ölkə olduğunu rəsmən ortaya qoydu. Belə ki, ABŞ Konqresinin Qaydalar komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul olundu. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət katibi Müdafiə katibi ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir. Bəli, bu 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğu dövründə əldə edilən ən böyük uğurlardandır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında, 2000-ci illərin ortalarında Avropa Şurası Parlament Assambleyasında, o cümlədən son illərdə Avropa Parlamentində qəbul edilən qətnamələrdən sonra bu, ən önəmli siyasi-diplomatik zəfərlərdəndir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, professor Jalə Əliyeva bildirib.
“Hesab edirəm ki, bunun mütləq davamı da gələcək, ABŞ-dan sonra digər həmsədr ölkələr də öz qanunverici orqanları səviyyəsində Ermənistanın işğalçı və təcavüzkar dövlət olduğunu etiraf edən və tanıyan qərarlar, qətnamələr qəbul edəcəklər. Hər ikisində də nə qədər böyük və güclü erməni lobbisi və diasporu olsa da, yayınmaq, sonadək qaçmaq, gizlənmək mümkün olmayacaq. Necə ki, dünyada erməni lobbisi və diasporunun əsas dayaqlarından olan ABŞ-da qaçmaq, yayınmaq mümkün olmadı. Sonda həqiqət, ədalət etiraf edildi, rəsmi şəkildə bəyan olundu. Ona görə bu, mütləq digər həmsədr dövlətlərə, o cümlədən digər beynəlxalq təşkilatlara, aparıcı ölkələrə də təsirsiz ötüşməyəcək. Bu, mütləq baş verəcək və verməlidir. Valday, Aşqabad, Qoşulmama Hərəkatı və Türk Şurasının Bakı sammitləri, Münhen Təhlükəsizlik Konfransı, Şərq Tərəfdaşlığının sonuncu toplantısı, Azərbaycan dövlətinin, dövlət başçısının yenilməz iradəsi hər kəsin reallıqları, həqiqətləri qəbul və etiraf etməsi ilə nəticələnməli idi və ilkin nəticə - böyük uğur da göz önündədir. Artıq erməni yalanları, böhtanları, timsah göz yaşları işə keçmir, heç nə yaramır. Xüsusilə, 12 iyul təxribatı bardaqda daşan son damla oldu. Ermənilərin, Ermənistanın nazı ilə oynayanların əksəriyyəti bir daha Ermənistanın əsl üzünü gördü, anladı, onun nəinki Azərbaycan, Qafqaz bölgəsi üçün, bütövlükdə dünya üçün bir təhdid olduğunu açıq şəkildə dərk etdi. Hərb meydanında uduzan Ermənistan son illərdə özünün ən böyük siyasi-diplomatik-hüquqi zərbəsini də aldı. Bəli, bütün cəbhələrdə, bütün səngərlərdə, bütün meydanlarda zəfərlər, qələbələr bizimdir və bizim olacaq. Çünki biz haqq işi uğrunda savaşırıq, haqq mübarizəsi aparırıq. Artıq heç kim və heç nə bizim qarşımızı ala, yarı yolda dayandıra bilməz və bilməyəcək. Biz illərdir həsrətini çəkdiyimiz günə - qəti qələbəyə, zəfərə çox tezliklə nail olacağıq. Bu, mütləqdir və gerçəkdir”, - deyə Jalə Əliyeva qeyd edib.