Jordi Xucla: Cənubi Qafqazda sülh möhkəmlənir və regional inteqrasiya prosesi irəliləyir
Bakı, 8 sentyabr, AZƏRTAC
Cənubi Qafqazda son dövrdə sülhün möhkəmlənməsi və regional inteqrasiyanın inkişafı istiqamətində mühüm proseslər baş verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri hüquqşünas, araşdırmaçı, İspaniya Deputatlar Konqresinin və Senatının keçmiş üzvü Jordi Xucla “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransın “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz: Yeni regional düzən?” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ilin avqustundan etibarən regionda baş verən proseslər sülhün möhkəmləndiyini və regional inteqrasiyanın irəlilədiyini göstərir. Bu dəyişikliklər Cənubi Qafqazda əvvəlki geosiyasi reallıqların tədricən aradan qalxmasına və yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına şərait yaradır. Bu prosesə müxtəlif amillər, o cümlədən Rusiya-Ukrayna müharibəsi təsir göstərib.
“2020-ci il İkinci Qarabağ müharibəsi mühüm dönüş nöqtələrindən biri olub. Həmin dövrdə Rusiyanın Ermənistanın tərəfində müharibəyə tam şəkildə müdaxilə etməməsi regionda münasibətlərin sonrakı inkişafına təsir edən mühüm məqamlardan biri kimi qiymətləndirilir”, - deyə Jordi Xucla bildirib.
İspaniyalı ekspert vurğulayıb ki, eyni zamanda, Azərbaycan və Türkiyə son onilliklər ərzində öz imkanlarını əhəmiyyətli dərəcədə artırıblar. Azərbaycanın xüsusilə 1994-cü ildən etibarən həyata keçirdiyi uzunmüddətli, strateji siyasət nəticəsində iqtisadi və hərbi potensialını gücləndirməsi regiondakı güc balansına təsir edən əsas amillərdən biri olub. Azərbaycanın bu potensialı ardıcıl şəkildə toplaması son nəticədə Qarabağ münaqişəsinin hərbi yolla həllinə imkan verən şərtləri formalaşdırıb.
“Cənubi Qafqazda yeni geosiyasi dinamikanın formalaşması fonunda region ölkələrinin xarici əlaqələrini şaxələndirməsi də mühüm proseslərdən biridir. Bu istiqamətdə baş verən dəyişikliklərin regionun gələcək siyasi və təhlükəsizlik arxitekturasına təsir göstərəcəyi gözlənilir”, - deyə İspaniya Senatının keçmiş üzvü vurğulayıb.
Fotoqraf - Xanlar Əlizadə