SİYASƏT
Kanada azərbaycanlıları Helsinki Komissiyasının qərəzli dinləmələrinə etiraz edirlər
Bakı, 15 may, AZƏRTAC
Kanada Azərbaycan Tədqiqatlar İnstitutu ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələri ilə əlaqədar etiraz bəyanatı yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Helsinki Komissiyasının ölkəmizlə bağlı dinləmələrinin əsassız olduğu diqqətə çatdırılır. Bildirilir ki, araşdırma prosesinin bir qismi tənqid olunma da daxil olmaqla spekulyasiyaya və ümumiləşdirməyə əsaslanır, hətta gerçəkləri faktlarla əks etdirmir: “Biz inanırıq ki, demokratiyanı gücləndirmək baxımından irəli sürülmüş təkliflər obyektiv analiz və prinsiplərə əsaslanmalıdır. Sizin tənqidlərinizdən bəlli oldu ki, 1991-ci ildə sovet hakimiyyətinə qarşı qalxaraq Azərbaycanı Ermənistanın təcavüzündən qorumaq üçün minlərlə qurban verən Azərbaycan xalqının demokratik düşüncəsini anlamamısınız”.
Bəyanatda daha sonra qeyd edilir ki, gündəlik müşahidələrə əsasən Azərbaycan mətbuatında hakimiyyətin qanunvericilik, icra və məhkəmə orqanlarının bir çox aspektləri ilə bağlı tənqidi müzakirələr olub, müxalifətin nümayişlər və ya etirazlar yolu ilə hökumət əleyhinə fikrini sərbəst şəkildə ifadə etmək hüququna heç bir təzyiq göstərilməyib. Buna görə də demokratiyanın bütün əsas elementləri bu gün Azərbaycanda yaxşı vəziyyətdədir.
Kanada Azərbaycan Tədqiqatlar İnstitutu Helsinki Komissiyasının Azərbaycanla bağlı son hesabatının təhriflərlə dolu olduğunu hesab edir və komissiyanı bəzi ölkələrdə, o cümlədən Ermənistanda insan haqları ilə bağlı dəhşətli vəziyyətə nəzər salmağa çağırır.
Qeyd edək ki, Kanada Azərbaycan Tədqiqatlar İnstitutu Kanadada Azərbaycanı tədqiq edən akademik mərkəzdir. Eyni zamanda, Kanadada akademik cəmiyyətin geniş bir hissəsini təmsil edən bitərəf, müstəqil təşkilatdır. Təşkilat yarandığı gündən etibarən Azərbaycanda, eləcə də Mərkəzi və Şərqi Avropada demokratiya, insan hüquq və azadlıqlarını müdafiə edir, qanunun aliliyinə dəstək verir. İnstitut, həmçinin Şimali Amerika və Azərbaycan əlaqələrini dəstəkləyir.