QAN YADDAŞI
Kanadada 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Respublikasının Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, mərasimdə Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan səfir Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. Səfir demişdir ki, 20 Yanvar tariximizin qanlı səhifələrindən olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsidir. Əliyalın, dinc əhalinin sovet qoşunları tərəfindən hücuma məruz qalmasına, 147 günahsız insanın qətlə yetirilməsinə baxmayaraq, həmin hadisələr xalqın mübarizə əzmini qıra bilməmişdir.
Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirmiş, Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə etmişlər.
Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən fotolar da nümayiş olunmuşdur.