Kanadada Xocalı soyqırımının 22-ci ildönümünü ilə bağlı anım mərasimi keçirilmişdir
Bakı, 3 fevral (AZƏRTAC). Fevralın 3-də Kanadanın Toronto şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi və Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə Toronto və Vaterloo universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də Torontoda yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
Əvvəlcə Torontonun mərkəzi parklarından biri olan “Harbour Square Park”da Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın ətrafında yığıncaq keçirilmişdir. Həmin ağacın qarşısında qoyulmuş memorial lövhədə “Xocalı faciəsinin xatirəsinə” sözləri həkk edilmişdir.
Toplantıda çıxış edən səfir Fərid Şəfiyev bu ölkədəki Azərbaycan icmasının üzvlərini ölkəmizlə bağlı həqiqətlərin Kanada ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində səylərini gücləndirməyə çağırmışdır. Səfir Xocalı hadisələrinin yad edilməsinin təkcə keçmişlə deyil, həmin qırğınları törətmiş və bu gün Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə bağlı olduğunu vurğulamışdır.
Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının sədri İlham Axundov Torontonun mərkəzi parklarından birində Xocalı soyqırımı ilə bağlı abidənin yaradılmasını Kanada ictimaiyyətinin bu faciə haqqında məlumatlılığının artırılmasında əhəmiyyətini qeyd etmişdir.
Tədbir “Westin” mehmanxanasında Xocalı soyqırımı qurbanlarının anım mərasimi ilə davam etmişdir.