KANADALI QONAQLAR AZƏRBAYCANIN SOSİAL İNKİŞAFINI, DÜNYƏVİ DÖVLƏT QURUCULUĞUNU YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Devid Smitin rəhbərliyi ilə Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
Kanadanın Azərbaycanda səfirliyinin açılması arzusunu qonaqların diqqətinə çatdıran E.Məmmədyarov, Azərbaycanın regionda lider dövlət olması, həmçinin bölgə və Orta Asiya ölkələri ilə əlaqələr baxımından geostrateji rolunu vurğulamışdır.
Qonaqlar Azərbaycanın sürətli iqtisadi-sosial inkişafını və demokratik dövlət quruculuğu sahəsindəki uğurlarını yüksək qiymətləndirərək, Kanada ictimaiyyətinin respublikamızda əldə olunan nailiyyətlər haqqında məlumatlandırılmasına, Kanada şirkətlərinin ölkəmizdə biznes qurmağa marağının artırılmasına ehtiyac olduğunu vurğulamışlar.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıraraq, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, təcavüz siyasətindən əl çəkmək, regional əməkdaşlığa qoşulmaq dənizə çıxışı olmayan və regional layihələrdən özünü məhrum etmiş Ermənistanın milli maraqlarına da cavab verərdi.
Görüşdə, həmçinin enerji sahəsində təcrübə və texnologiya mübadiləsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təhsil və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.