REGİONLAR
Karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Siyəzəndə mobil qruplar yaradılıb
Siyəzən, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonu ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər ərazisindəki çoxmənzilli yaşayış binaları, kəndlərdə əhalinin toplaşdığı ərazilər və mütəmadi istifadə edilən obyektlər növbəti dəfə dezinfeksiya edilir. Bundan əlavə, binaların ümumi istifadə yerlərində, girişlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri həyata keçirilir.
Müəyyən edildiyi kimi, bu xəstəlikdən daha az zərərlə xilas olmaq üçün vətəndaşlarımız mümkün qədər evdən çıxmamalı, gigiyena və təmizlik qaydalarına riayət etməlidirlər. Bununla əlaqədar Siyəzən Rayon İcra Hakimiyyəti aparatının, İnzibati Ərazi Dairələri nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət qruplar vasitəsilə əhali arasında maarifləndirmə işləri aparılır. Yaradılmış qruplar şəhər ərazisində və kəndlərdə əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirir. Maarifləndirmə məqsədilə yaradılmış mobil qruplar mərkəzi park və xiyabanlarda əhalini karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər.
Həmçinin RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən 65 yaşdan yuxarı insanlarla profilaktiki söhbətlər apararaq, onların yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.
Sakinlərin diqqətinə çatdırılıb ki, xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsi işi rayonda yaradılmış qərargah tərəfindən diqqət mərkəzində saxlanılır.