REGİONLAR
Karantin tədbirləri - Ağcabədidə ərzaq məhsullarının satışına nəzarət diqqət mərkəzindədir
Ağcabədi, 3 aprel, AZƏRTAC
Dünyada tüğyan edən koronavirus epidemiyası ilə əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da geniş qabaqlayıcı tədbirlər həyata keçirilir. Rayon əhalisi arasında izahat və maarifləndirici tədbirlər aparılır, mövcud karantin qaydalarına riayət edilməsi üçün müvafiq işlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu istiqamətdə son günlər daha ciddi addımlar atılır. Ağcabədi şəhərində, qəsəbə və kəndlərdə fəaliyyət göstərən ticarət, iaşə, məişət obyektlərinin bağlanması təmin olunub. Karantin qaydalarına zidd olmayan xidmət sahələrinin normal işləməsi üçün hər cür şərait yaradılıb.
Rayon icra hakimiyyətinin rəhbərliyi mağazaların, meyvə-tərəvəz bazarının fəaliyyəti ilə maraqlanıb, sahibkarlarla görüşüb, onlara lazımi tövsiyələr verib. Söhbət zamanı qeyd olunub ki, ticarət şəbəkələrində qiymət artımına və qiymətlərin süni şəkildə şişirdilməsi hallarına yol verilməməlidir. Karantin müddətində ərzaq mağazalarından aztəminatlı, ehtiyacı olan şəxslərə pulsuz çörək verildiyi bildirilib. Sahibkarlar ərzaq məhsullarının gətirilməsində heç bir fasilə yaranmadığını, normal şəraitdə fəaliyyət göstərdiklərini, sanitar-gigiyenik qaydalara əməl olunduğunu qeyd ediblər.