KAZANDA İSLAM İNKİŞAF BANKININ HİMAYƏSİ ALTINDA RUSİYADA İLK BEYNƏLXALQ İNVESTİSİYA KONFRANSI KEÇİRİLƏCƏK
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, iyunun 9-12-də Kazanda İslam İnkişaf Bankının (İİB) himayəsi ilə Rusiyada ilk beynəlxalq investisiya konfransı keçiriləcəkdir.
Konfransın keçirilməsi haqqında qərar Tatarıstan Respublikasının prezidenti Mintimer Şaymiyev ilə bankın rəhbəri Əhməd Məhəmməd Əli arasında 2007-ci ilin mayında Kazanda keçirilmiş görüş zamanı qəbul edilmişdir.
İİB ilk dəfədir ki, İslam Konfransı Təşkilatının (İKT) üzvü olmayan ölkədə bu cür beynəlxalq tədbir keçirir. Rusiya 2005-ci ildən İKT yanında müşahidəçi ölkə statusuna malikdir.
Konfransın məqsədi Tatarıstanı Rusiyanın dinamik inkişaf etməkdə olan regionlarından biri kimi təqdim etmək, Fars körfəzi və Yaxın Şərq ölkələrinin, habelə İKT iştirakçısı olan ölkələrin aparıcı şirkətlərinin, banklarının və investisiya fondlarının nümayəndələri ilə müzakirələr keçirməkdir.
Konfransda dünyanın 70-ə yaxın ölkəsinin işgüzar dairələrinin nümayəndələri, Rusiyanın dövlət orqanlarının və Tatarıstanın rəhbərləri iştirak edəcəkdir. Ölkələr arasında innovasiya və ticarət-iqtisadi əməkdaşlığa yönəlmiş iclaslar “Maşınqayırma”, “Neft kimyası”, “Səhiyyə”, “Tikinti”, “Nəqliyyat və yol təsərrüfatı”, “Kənd təsərrüfatı” bölmələrində keçiriləcəkdir.