KƏLBƏCƏRLİLƏR GƏLƏCƏYƏ NİKBİN BAXIRLAR VƏ ÖLKƏ BAŞÇISININ APARDIĞI SİYASƏTİ DƏSTƏKLƏYİRLƏR
Gəncə, 21 fevral (AZƏRTAC). Gəncədə müvəqqəti fəaliyyət göstərən Kəlbəcər Rayon İcra Hakimiyyətində 2008-ci ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ötən il görülmüş işlər barədə rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmovun məruzəsi dinlənilib müzakirə edilmişdir.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində ölkə başçısının göstərdiyi diqqət və qayğıdan danışan natiq bildirmişdir ki, təkcə son 5 ildə Respublika Prezidenti İlham Əliyev məcburi köçkünlərlə 11 dəfə görüşmüş, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq məcburi köçkünlərin rifahı naminə müvafiq fərman və sərəncamlar imzalamışdır. Bunun nəticəsidir ki, respublikamızın 58 rayon və şəhərinin mindən artıq yaşayış məntəqəsində məcburi köçkün həyatı yaşayan 66 min kəlbəcərlinin həyat şəraiti gündən-günə yaxşılaşır. Dövlət başçısının müdrik siyasəti sayəsində öz doğma torpaqlarına qayıdacağı günü gözləyən məcburi köçkünlərin, ilk növbədə, məşğulluğu təmin olunur. Məhz bunun nəticəsidir ki, son 5 ildə 537 daimi iş yeri açılmışdır. Təkcə 2008-ci ildə məşğulluq mərkəzinə müraciət edən 215 nəfərin yarısı işlə təmin olunmuşdur.
Müşavirədə deyilmişdir ki, məcburi köçkünlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olduğundan onlar məskunlaşdıqları rayonlarda kifayət qədər torpaq sahələri ilə, eləcə də dövlət tərəfindən müəyyən güzəştlərlə təmin olunmuşlar. Keçən il taxıl istehsalı ilə məşğul olan 23 nəfərə 25 min 600 manat, 20 nəfərə isə 363 hektar sahədə buğda becərdiyinə görə 14 min 560 manat yardım verilmişdir. Bu qayğının nəticəsidir ki, rayon üzrə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınmışdır.
Məruzəçi və çıxış edənlər daha sonra təhsil, səhiyyə, gənclərlə iş sahəsində uğurlardan geniş söz açılmış, pensiya və sosial müavinətlərlə təminatdan danışılmışdır. Qeyd edilmişdir ki, hazırda 1775 kəlbəcərli köçkünə dövlət tərəfindən sosial müavinət ödənilir, 201 şəhidin 291 övladına təqaüd verilir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 9958 nəfərə, o cümlədən işləyən 323 nəfərə pensiya ödənilir.
Müşavirədə enerji təminatında qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlər diqqətə çatdırılmışdır. Məlumat verilmişdir ki, 2008-ci ildə 7 transformator, 9 min metr elektrik naqili, 80 metr kabel dəyişdirilmişdir. Bu, köçkünlərin fasiləsiz enerji təminatında əvvəllər yaranan problemləri aradan qaldırmışdır. İl ərzində 5,3 kilometr uzunluğunda içməli su kəməri çəkilmişdir.
Prezidentin İcra Aparatının məsul işçisi Habil Əzənmədov müşavirədə çıxış edərək məcburi köçkünlərin həyat tərzinin yaxşılaşdırılması üçün dövlətin gördüyü işlərdən danışmışdır.