Kənd Təsərrüfatı Nazirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 15 yanvar (AZƏRTAC). Yanvarın 15-də Kənd Təsərrüfatı Nazirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı vermiş, həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəmanlıq simvolu kimi qiymətləndirmişdir.
A. Aslanov 20 Yanvar hadisəsinə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini və məhz ulu öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildiyini söyləmişdir.
Nazir müavini vurğulamışdır ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir.
A.Aslanov ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs etmişdir.
Nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada güclü bir dövlət kimi tanındığını, yüksək iqtisadi göstəricilərə və hərbi potensiala malik olan bir ölkə kimi inkişaf etdiyini və hər zaman Azərbaycan xalqının Dağlıq Qarabağ problemini həll etmək iqtidarında olmasını diqqətə çatdırmışdır.
Digər çıxış edənlər Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla yad edəcəklərini söyləmişlər.