“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Bakı, 18 avqust, AZƏRTAC
AFFA-nın və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Ramana qəsəbəsində Xankəndi, Şuşa və Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadıqları ərazidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində reallaşdırılır.
Layihə çərçivəsində Xankəndi, Şuşa və Kəlbəcərdən olan 50 uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və digər şəxslər iştirak ediblər.