Kiberhəllər sərgisində 100-dən çox ziyarətçi viktorinada hədiyyə qazanıb
Bakı, 28 oktyabr, AZƏRTAC
“CIDC-2023” tədbirində kibertəhlükəsizlik sahəsində təşkilatlar və dövlət qurumları, həm maliyyə və bank sektoru, həm də informasiya təhlükəsizliyi sektorundan olan çoxsaylı qurumlar təmsil olunub. Həmin şirkətlərin nümayəndələri ilə “AzInTelecom” MMC-nin nümayəndələri “B2B” formatında (business to business) ilkin görüşlər keçirir, müəyyən məlumatlar paylaşır. Düşünürəm ki, bu gələcək əməkdaşlıq üçün gözəl zəmin yaradır. Çünki “AzInTelecom” dövlət qurumları və özəl şirkətlər üçün informasiya təhlükəsizliyinin auditi, konsaltinqi, kibertəhlükəsizlik və Təhlükəsizlik Əməliyyat Mərkəzi xidmətləri təqdim edir. Həmçinin informasiya resurslarını kibercinayətkarlıqla bağlı risklərdən qorumaq və preventiv addımlar atmaq üçün informasiya təhlükəsizliyi xidmətləri təklif edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom” MMC-nin Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Murad Əhmədov deyib.
Murad Əhmədov vurğulayıb ki, ziyarətçilərin böyük marağına səbəb olan daha bir element - “AzInTelekom” stendində həyata keçirilən viktorina olub: “Biz daha öncədən “AzInTelecom”un xidmət və məhsulları ilə bağlı, SİMA rəqəmsal həllər və kibertəhlükəsizliklə bağlı suallar hazırlamışdıq. Suallara düzgün cavab verən və daha çox xal toplayan, həmçinin viktorinada fərqlənən iştirakçılara hədiyyələr verilib. Ümumilikdə, 200-dən çox tədbir iştirakçısı “AzInTelecom”un stendində viktorinada iştirak üçün qeydiyyatdan keçib, 100-dən çoxu isə hədiyyə qazanıb.
“AzInTelekom” bu sərgidə tərəfdaş kimi çıxış edir və “CIDC 2023” tədbirinin qızıl sponsorlarından biri də bizim şirkətdir. Kiberhəllər sərgisində xüsusi stendimizdə öz xidmət və məhsullarımız barədə ziyarətçilərə məlumat veririk. “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA rəqəmsal həllər platformasına daxil olan 5 məhsul - SİMA İmza, SİMA Pay, SİMA KYC, SİMA Access və SİMA Token haqqında sərgi iştirakçılarına ətraflı məlumat verilib. SİMA Pay və SİMA Access üzərində hazırda texniki işlər gedir.
Həmçinin “AzInTelecom” bu tədbirin mövzusuna uyğun olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik xidmətləri göstərir. Bizim əsas fokusumuz kibertəhlükəsizlik mövzusunda bulud xidmətləri ilə bağlıdır. Bildiyiniz kimi, dövlətə məxsus olan iki Data Mərkəz “AzInTelecom”da yerləşir. “Hökumət buludu” layihəsi çərçivəsində artıq 100-dən çox dövlət qurumu tam və ya qismən formada Hökumət buluduna miqrasiya olunub. Bu işləri “AzInTelecom” həyata keçirir. Data Mərkəzlər “Ume İnstitute” tərəfindən “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartları üzrə sertifikatlaşdırılıb. Bizim bulud xidmətlərində yerləşən qurumlarımızın informasiya sistemlərinin kibertəhlükəsizliyini qorumaq üçün 7/24 rejimdə fəaliyyət göstərən Monitorinq sistemimiz var. Bu Kibertəhlükəsizlik Mərkəzidir, burada işləyən peşəkar mütəxəssislər beynəlxalq sertifikatlara malikdir, onlar bu sahənin ən öndəgedən kadrlarındandır.
Həmçinin “AzInTelecom”un mərkəzləşdirilmiş informasiya sistemləri var. “AzInTelecom”un Mobil cihazların qeydiyyatı şöbəsi mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Biz bu Kiberhəllər sərgisində həm ziyarətçilərə, həm də bu sahənin aparıcı mütəxəssisləri, qurumlarına məlumat veririk”, - deyə Murad Əhmədov əlavə edib.