KİMSƏSİZ UŞAQLARIN VALİDEYN HİMAYƏSİNƏ VERİLMƏSİ HAQQINDA YENİ QANUN HAZIRLANIR
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli “Azərbaycana birgə yardım” Qeyri Hökumət Təşkilatının sədri Qvendolin Börçill ilə görüşmüşdür.
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə parlamentin sosial siyasət daimi komissiyasının qanun yaradıcılığı sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı və dünya ölkələrinin təcrübəsinin öyrənilməsi məsələləri müzakirə edilmişdir.
Hazırda komissiyanın 12 qanun layihəsi üzərində işlədiyini diqqətə çatdıran H.Rəcəbli demişdir ki, bunlardan ən vacibi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların himayəyə verilməsi ilə bağlı qanun layihəsidir. Uşaqların himayəyə verilməsi incə məsələ olduğu üçün sənəd son dərəcə diqqətlə hazırlanır və icra strukturlarının, xüsusən də TəhsiL, Ədliyyə, Səhiyyə və Maliyyə nazirliklərinin rəy və təklifləri öyrənilir.
Təşkilatın rəhbəri uşaq evlərinə, internat məktəblərinə düşmüş uşaqların ailələrinin sosial durumunu öyrənərək onlara kömək etməklə bu axının qarşısının alınması, müvafiq uşaq müəssisələrində maliyyə vəsaitinin xərclənməsinin, maddi-texniki durumun yaxşılaşdırılmasının və pedoqoji kollektivin yeni metodlardan daha səmərəli istifadə etmələri, müəssisələrdəki uşaqların ailələrə verilməsini təşkil etmək və bu işin idarəetmə və nəzarət mexanizmini dəqiqləşdirməklə bağlı 5 illik proqramdan ibarət olan sənədlər toplusunu komissiya sədrinə təqdim etmişdir. Börçill demişdirki, hazırda uşaqların himayəyə verilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə təsbit olunur. Buna baxmayaraq MM-in müvafiq komissiyasının yeni qanun layihəsi hazırlamaq təşəbbüsü təqdirəlayiq haldır.
Sonra komissiya ilə təşkilat arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.