DÜNYA
Kir Starmer İtaliyanın Baş naziri ilə miqrant məsələsini müzakirə edəcək
London, 16 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer İtaliyaya səfəri çərçivəsində sentyabrın 16-da Baş nazir Ciorcia Meloni ilə görüşəcək.
AZƏRTAC xəbər verir ki, görüşün əsas mövzusu qeyri-qanuni miqrasiya olacaq. Kir Starmer İtaliyanın qeyri-qanuni miqrasiya ilə mübarizədə Albaniya ilə əməkdaşlıq təcrübəsi ilə maraqlandığını bildirib. O, İtaliya ilə Albaniya arasında bağlanan razılaşmaya bənzər bir müqavilənin Britaniya tərəfindən də bağlanması imkanları haqqında düşündüyünü deyib.
Qeyd edək ki, Kir Starmer və Ciorcia Meloni bundan əvvəl Vaşinqtondakı NATO sammitində və İngiltərədə Blenheim sarayında keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında görüşüblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London