“KİTABİ-DƏDƏ QORQUD” VƏ “NİBELUNQLAR HAQQINDA NƏĞMƏ” DASTANLARININ MÜŞTƏRƏK TƏDQİQİNƏ HƏSR OLUNMUŞ SİMPOZİUM BAŞA ÇATMIŞDIR
Bakı, 2 oktyabr (AZƏRTAC). Bakı Slavyan Universitetində (BSU) ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb layihəsi çərçivəsində “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” dastanlarının müştərək tədqiqinə həsr olunmuş simpozium oktyabrın 2-də başa çatmışdır.
Günün birinci yarısında keçirilən iclasa professorlar Volfqanq Haubrichs və Fəxrəddin Veysəlli rəhbərlik etmişlər.
Professorlar Franz Simmlerin “Nibelunqlar nəğməsi”ndə sintaktik konstruksiyalar”, Sənubər Abdullayevanın “Kitabi-Dədə Qorqud” dastanında sayların semantik-sintaktik xüsusiyyətləri”, Uta Störmer-Caysanın “Nibelunqlar nəğməsi”ndə vasitəsiz və vasitəli nitq” və dosent Vasif Adilovun “Kitabi-Dədə Qorqud” dastanının dilində təkrarlar sistemi” adlı məruzələri maraqla dinlənilmişdir.
Azərbaycanlı və almaniyalı alimlərin elmi məruzələrində “Nibelunqlar nəğməsi” dastanının sintaktik təhlili aparılmış, “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən sayların bu gün də türkdilli xalqlar tərəfindən işləndiyi vurğulanmış, mətndəki təkrarlara müasir Azərbaycan dili ilə bərabər rus və yunan dillərində də təsadüf edildiyi qeyd olunmuşdur.
Məruzələr ətrafında müzakirələr aparılmış və suallar cavablandırılmışdır.
Günün ikinci yarısında öz işini professorlar Uta Störmer-Caysanın və İlyas Həmidovun rəhbərlik etdiyi bölmə iclasında davam etdirən simpoziumda doktor Renata Szczepaniak “Nibelunqlar nəğməsi ”ndə inkar”, dosent Rüstəm Rəsulov “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi”ndə ritual nitq aktlarının kommunikativ sistemdə rolu” və Günel Məhərrəmova “Kitabi-Dədə Qorqud” dastanında sintaktik paralelizm” mövzularında mühazirələrlə çıxış etmişlər.
Məruzələrdə qədim oğuz eposu “Kitabi-Dədə Qorqud” və german eposu “Nibelunqlar nəğməsi” bədii yaradıcılığın böyük abidələri olmaqla yanaşı, oğuz və almanların əxlaqi, tarixi, mifoloji, etnoqrafik baxışlarının öyrənilməsi üçün mühüm mənbə olduğu bir daha diqqətə çatdırılmışdır.
Məruzələr əsasında geniş fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Sonda simpoziumun işinə yekun vuran BSU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullayev dinlənilmiş məruzələri yüksək qiymətləndirmişdir.
Rektor demişdir ki, beş il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində dastanların ədəbi xüsusiyyətlərinin tədqiqi, stilistikası, nəşri və tərcüməsi, onların tədqiqi tarixi, dastanların dərki, xalqlarımızın dünyagörüşü və həyatında onların rolu məsələləri geniş şəkildə öyrəniləcəkdir. Bildirilmişdir ki, hər iki xalqın qədim eposlarının elmi tədqiqinə həsr edilmiş bu layihə dünyada öz elmi araşdırmalarına görə olduqca yeni bir başlanğıcdan xəbər verir. Ona görə ki, hələ heç bir xalqın qədim qəhrəmanlıq dastanlarının müştərək öyrənilməsi üçün 5 illik layihə nəzərdə tutulmamışdır.
Simpoziumun işində Almaniyadan 30-a yaxın nüfuzlu elm xadimi, alim-filoloq iştirak etmişdir.
Xatırladaq ki, beş il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin təşkilatçıları BSU, Almaniyanın Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və Germanistika bölümü, həmçinin Volkenştayn Cəmiyyətidir. Layihə çərçivəsində ildə bir dəfə Azərbaycanda və Almaniyada eposların müxtəlif aspektlərini əhatə edən beş ayrı-ayrı simpozium təşkil olunacaqdır.