Kiyevdə Azərbaycan və xarici ölkə romanslarından ibarət musiqili-poetik gecə keçirilib
Kiyev, 11 iyun, AZƏRTAC
Kiyevdəki Aktyor Evində Azərbaycan və xarici ölkə romanslarından ibarət musiqili-poetik gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Nizami Gəncəvi, Nəbi Xəzri və Cəfər Cabbarlının sözlərinə Asəf Zeynallı, Üzeyir Hacıbəyli, Tofiq Quliyev və Zakir Bağırovun bəstələdiyi Azərbaycan romansları Ukraynanın Xalq artisti, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasov və Xalq artisti, Ukrayna Milli Opera Teatrının solisti Aleksandr Dyaçenkonun ifasında səslənib.
Konsertdə Ukraynanın peşəkar opera müğənniləri, Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş beynəlxalq müsabiqənin laureatları Anastasiya Povajnaya, Andrey Olenin, İrina Ukrainets, Pavel Qrişşenko və İrina Fyodorovskaya iştirak ediblər. Proqrama Ukrayna, Fransa, Almaniya və İtaliya romansları, habelə Çaykovski və Raxmaninovun əsərləri daxil edilmişdi. Bədii qiraət ustaları M.Svetayeva, Çerubina de Qabriak, Höte, İ.Brodski, İ.Franko, V.Sosyura, Nizami Gəncəvinin şeirlərini deklamasiya deyiblər.
Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin dəstəyilə keçirilən tədbirin təşkilatçısı Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi, tədbirin prodüserləri Natalya Kudryaşova və Qurban Abbasov idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev