Kiyevdə pis hava şəraiti davam edir, 2 nəfər həyatını itirib
Kiyev, 28 oktyabr, AZƏRTAC
Kiyevdə və ümumiyyətlə bütün Ukrayna ərazisində pis hava şəraiti davam edir. Dağıntılardan savayı, təbii fəlakətin səbəb olduğu insan ölümlərinin sayı da artmaqda davam edir.
Bu barədə AZƏRTAC Ukrayna daxili işlər naziri İqor Klimenkoya istinadla xəbər verir.
“Ümumilikdə, indiyədək 250-dən artıq ağacın aşması və ya qırılması faktı qeydə alınıb. Obolon rayonunda isə ictimai nəqliyyat üçün quraşdırılmış dayanacağın metal konstruksiyası əsən güclü külək nəticəsində qoparaq bir qadının zədələnməsinə səbəb olub”, - nazir sosial şəbəkədəki yazısında bildirib.
Kiyevin Podolsk və Şevçenko rayonlarında isə ağacların qırılaraq aşması nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı məlumat daxil olub.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, 35 və 65 yaşlarında iki kişi həlak olub. Həmçinin 7 nəfərin zədələnməsi və sınıq xəsarətləri alması barədə məlumat daxil olub. 5 nəfər paytaxtın xəstəxanalarına yerləşdirilib.
Kiyevdə habelə bir yaşayış evi, üç köşk və dörd avtomobilə pis hava şəraiti nəticəsində zərər dəyib.
Ağacların yolun hərəkət hissəsinə qırılıb düşməsi ilə bağlı 8 fakt qeydə alınıb. Ağaclardan biri tramvay yolunun üzərinə aşıb. Həmçinin bannerin qırılıb düşməsi ilə bağlı məlumat daxil olub.
Energetika nazirliyinin məlumatına əsasən, Ukraynanın 14 bölgəsində işıqla bağlı problem yaranıb. Vinnitsa, Volınsk, Dnepropetrovsk, Jitomir, Zakarpat, İvanovo-Frankovo, Kiyev, Lvov, Rovensk, Sumi, Ternopolsk, Xmelnitski, Çernovitski və Çerniqov vilayətlərində 1045 yaşayış məntəqəsi işıqsız qalıb.
Ümumilikdə, 306 min istehlakçı elektrik enerjisindən məhrum olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev