K.KOSAÇOV: “RUSİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BİRMƏNALI ŞƏKİLDƏ TANIYIR”
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın komanda-qərargah təlimləri və yerli orqanlara “seçkilər” keçirməsini Rusiya necə qiymətləndirir, habelə ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyasının ədalətli mövqeyinə, - baxmayaraq ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir, - Azərbaycan ümid bəsləyə bilərmi sualına cavabında Konstantin Kosaçov demişdir ki, Rusiyanı Dağlıq Qarabağ münaqişəsində birtərəfli mövqe tutmaqda qınamaq olmaz. “Bəli, həqiqətən, bizi Ermənistanla xüsusi münasibətlər bağlayır, lakin bizi Azərbaycanla da eyni dərəcədə xüsusi, eyni dərəcədə cəlbedici münasibətlər bağlayır. Odur ki, bu münaqişə Azərbaycan üçün olduğu kimi, bizim üçün də ağrılı-acılıdır”. Onun sözlərinə görə, Rusiyanın yeganə marağı Dağlıq Qarabağ münaqişəsində bu və ya digər tərəfin xeyrinə deyil, problemin uzunmüddətli nizama salınması xeyrinə işləməkdir. Uzunmüddətli həll isə yalnız o zaman mümkündür ki, sülh güc metodları ilə deyil, yalnız siyasi vasitələrlə əldə edilmiş olsun. Rusiya bu münaqişənin həllinə dair Azərbaycanla Ermənistan arasında razılaşdırılan hər hansı qərarı qəbul edəcəkdir.
Birləşmiş Millətlər Təşkilatının başlıca roluna həmişə tərəfdar olduğunu bildirən Rusiyanın Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə nə üçün çağırmadığına dair sualın cavabında K.Kosaçov demişdir ki, Rusiya BMT-nin həmin qətnamələrini dəstəkləmişdir və ATƏT çərçivəsində də, ATƏT-in Minsk qrupu çərçivəsində də özünün bu mövqeyindən çəkinmir. Lakin, biz qəti əminik ki, Dağlıq Qarabağ münaqişəsində üçüncü ölkələrin rolu cüzidir və bir növ, vasitəçilik səylərindən ibarətdir, Rusiya öz mövqeyini kiməsə qəbul etdirə bilməz. Kosaçovun fikrincə, hər hansı mövqeni, hətta beynəlxalq hüquq normalarına tam uyğun olan mövqeni hər iki tərəf mütləq qəbul etməlidir, yalnız bu halda o, sabit uzunmüddətli xarakter ala bilər. “Təəssüf ki, biz bu vəziyyətə hələlik gəlib çatmamışıq, çünki BMT Baş Məclisinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən olunmuş mövqeni münaqişə tərəflərindən biri, indiki halda erməni tərəfi qəbul etmir. Odur ki, bizim rolumuz da, tarixi vəzifəmiz də erməni tərəfini beynəlxalq hüququn əsaslandığı mövqeləri tutmağın zəruriliyinə inandırmaqdan ibarətdir.