“KÖÇƏRİ” FİLMİ MOSKVADA GÖSTƏRİLMİŞDİR
Yeni filmin nümayişini Ümumrusiya Azərbaycan Konqresi ölkəmizin Moskvadakı səfirliyinin köməyi ilə təşkil etmişdir.
Rüstəm İbrahimbəyov çıxışında beynəlxalq layihə və dünyanın hər yerindən 160 peşəkardan ibarət “yığma komanda”nın əməyinin birgə məhsulu olan “Köçəri” filmi üzərində işdən danışmışdır. Filmi üç rejissor – Talqat Temenev (Qazaxıstan), İvan Passer (Çexiya), Sergey Bodrov (Rusiya) çəkmişdir. Baş rolda meksikalı aktyor Kuno Beker çəkilmişdir.
R.İbrahimbəyov bildirmişdir ki, filmin çəkilməsinin təşəbbüskarı olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax xalqından, onun zəngin tarixi və mədəniyyətindən, habelə bütün Avrasiya məkanı xalqları mədəniyyətlərinin qarşılıqlı əlaqəsindən dünyaya söhbət açmaq ideyasını irəli sürmüşdü.
R.İbrahimbəyov doğma Azərbaycana məhəbbətindən və minnətdarlıq hissindən danışarkən demişdir ki, yeni filmi Moskvadakı diasporumuzun nümayəndələrinə göstərmək təklifini böyük məmnuniyyətlə qəbul etmişdir.
Film real faktlara söykənən tarixi süjet üzərində qurulmuşdur. Burada Rusiyanın türk xalqları ilə əlaqələrindən söhbət açılır. Bir xalqın tarixi təcrübəsi köçmələr, məğlubiyyət və zəfər dövrləri yaşamış bir çox türk xalqlarının taleyini əks etdirir. Qazax xalqının payına düşən sərt sınaqlar məqamında xalqı birləşdirən və onun gələcək inkişafında xüsusi rol oynayan şəxsiyyət meydana çıxdı. Film N.Nazarbayevin xalqların birliyi və dostluğunun vacibliyi haqqında söylədiyi sözlərlə başa çatır.
Yüksək peşəkar səviyyədə çəkilmiş yeni film böyük maraqla qarşılanmış və tənqidçilərin fikrincə, mütləq uğur qazanacaqdır. “Köçəri” filmi artıq bəzi kinofestivallarda göstərilmiş, sentyabr ayında isə Rusiya, ABŞ və digər ölkələrin geniş ekranlarında nümayiş etdiriləcəkdir.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov 30-dan çox kinofilmə, o cümlədən “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Günəşdən yoğrulmuşlar”, “Sibir bərbəri” kimi tanınmış filmlərə ssenari yazmışdır. O, 15 pyesin, onlarca kitabın müəllifidir.