Kölndə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilmişdir
Köln, 1 aprel (AZƏRTAC). Almaniyanın Köln şəhərindəki Alman Azərbaycan Mədəniyyət Evində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilmişdir.
Tədbirdə Almaniyada yaşayan azərbaycanlı yazarlar, elm adamları, ziyalılar və Kölndə yaşayan azərbaycanlılar iştirak etmişlər.
Alman Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmli 31 mart hadisələrinin xalqımızın qan yaddaşındakı yeri haqqında məlumat vermişdir.
Alman-Türk Yazarlar Birliyinin həmsədri Orhan Aras çıxış edərək bildirmişdir ki, erməni daşnakları yaranmış tarixi şəraitdən istifadə edərək Stepan Şaumyanın başçılığı və Bakı Sovetinin dəstəyi ilə Bakı, Şamaxı, Qarabağ, Naxçıvan və digər bölgələrdə 12 minə yaxın azərbaycanlını qətlə yetirmişlər.
Avropa Türk-İslam Birliyinin (ATİB) baş katibi Mahmud Aşkar 31 mart soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlər, bununla bağlı Türkiyə və Azərbaycan dərnəkləri arasında əməkdaşlıq haqqında söhbət açmışdır.
Yazarlar Bəhruz Həqiqi, Yücel Feyzioğlu, Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev Türkiyə və Azərbaycan diaspor təşkilatlarının 31 mart soyqırımı ilə bağlı haqq səsinin dünyaya çatdırılması üçün birgə işin vacibliyini vurğulamışlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Köln
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]