Kolumbiyanın El Boske Universitetinin tələbələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar
Bakı, 19 mart, AZƏRTAC
Kolumbiyanın nüfuzlu El Boske Universitetinin dəvəti ilə Azərbaycan, Avstraliya və İndoneziyanın Kolumbiyadakı səfirlikləri həmin təhsil ocağında təmsil etdikləri ölkələr haqqında müxtəlif mövzularla bağlı təqdimatlar keçiriblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin ölkəmizə həsr olunan hissəsində əvvəlcə Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafını özündə əks etdirən videoçarx göstərilib.
Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Ramil Fərzəliyev “Azərbaycan: tarixdən müstəqilliyə doğru” adlı təqdimatla çıxış edib.
Təqdimatda Azərbaycanın qədim, orta əsrlər, yeni və ən yeni dövrləri, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti, sovet istilası, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi, müstəqilliyin bərpasından sonra Ulu Öndər tərəfindən milli dövlətçiliyin əsasının qoyulması, iqtisadi və siyasi sabitliyin təmin edilməsi və s. məsələlər barədə slaydlarla ətraflı məlumat verilib.
Bundan başqa, Azərbaycanın son illərdə əldə etdiyi siyasi və iqtisadi uğurlardan, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolundan, nəqliyyat-kommunikasiya, eləcə də tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasətdən danışılıb, xəritələr, fotoşəkillər göstərilib. Azərbaycanın dünyanın ən zəngin mədəni irsə malik ölkələr sırasında yer aldığı bildirilərək bu barədə də söhbət açılıb, istər Qərbin, istərsə də Şərqin bir çox məşhur mütəfəkkirlərinin Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsirəddin Tusi kimi orta əsrlər Azərbaycan klassiklərindən ilham aldıqları diqqətə çatdırılıb.
Azərbaycan xalqının tolerantlıq ənənələrinə və multikultural dəyərlərinə əsaslanan, uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə yüksək dini və milli dözümlülüyə malik maarifləndirilmiş mühitin formalaşdığı qeyd edilib. Dünyanın bir çox ölkələrində, hətta ən inkişaf etmiş ölkələrdə də bu dəyərlərə önəm verilməməsi səbəbindən çaxnaşmalara, fəlakətlərə şahid olduğumuz bir dövrdə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətindən bəhs edilib.
Tədbirdə universitetin siyasi elmlər, hüquq, iqtisadiyyat və idarəetmə, beynəlxalq iqtisadiyyat, fəlsəfə, incəsənət fakültələrinin tələbələri, habelə universitetin rəhbərliyi, professor və müəllim heyəti iştirak ediblər.