KONDOLİZA RAYS İRANDA GİZLİ ƏMƏLİYYATLAR APARILMASI HAQQINDA MƏLUMATLARI TƏKZİB EDİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Kondoliza Rays Amerika xüsusi təyinatlılarının potensial hərbi zərbələr üçün hədəf seçmək məqsədi ilə İranda gizli əməliyyatlar aparması haqqında məlumatları qəti surətdə təkzib etmişdir. O, ABŞ-ın yeni dövlət katibi vəzifəsinə təsdiq olunması ilə bağlı senatın xarici işlər komitəsində keçirilən dinləmələrdəki çıxışında həftəlik “Nyu-Yorker” jurnalında bu mövzuda verilmiş məlumatı “qeyri-mötəbər” və”şübhəli” adlandıraraq demişdir ki, bu yazı “bizim İran barəsində siyasətimizi və məqsədlərimizi əks etdirmir”.
Jurnal yazır ki, Amerika kommandoslarının diqqət zonasında İranın nüvə, kimyəvi və raket proqramları ilə əlaqəsi olmaqda şübhəli bilinən “azı otuz altı obyekt” vardır. Yazının müəllifi hay-küylü jurnalist təhqiqatları ilə məşhur olan Seymur Herşdir. Onun fikrincə, İranda potensial hədəflərin aşkarlanması ilə ABŞ “demək olar ki, keçən yaydan məşğul olur”. Herş əmin edir ki, prezident terrorizmlə hər hansı bir əlaqəsi ola bilən hədəflərə qarşı əməliyyatlar aparmaq üçün Amerika xüsusi təyinatlılarına sanksiya verən bir sıra məxfi sənədlər imzalamışdır. “Yaxın Şərqin və Cənubi Asiyanın ona qədər ölkəsi” kommandosların bu cür qruplarının fəaliyyət meydanına çevrilmişdir.
Seymur Herş ABŞ kəşfiyyatında və Müdafiə Nazirliyində olan mənbələrə istinadla yazır ki, Buş hökuməti həmin regionu “nəhəng hərbi əməliyyatlar zonası kimi qiymətləndirir” və hesab edir ki, İraq kampaniyasının ardınca İran kampaniyası məhz burada başlanmalıdır.
Xatırladaq ki, “Nyu-Yorker” jurnalındakı həmin yazıda deyilənləri bundan əvvəl Pentaqon da təkzib etmişdir.