KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, F.Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.
İclasda Nəcməddin Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin, onun və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, iddiaçı V.İsazadənin cavabdehlər N.Əbilov və A.Əbilova qarşı borc pulun alınması və tələbin girov qoyulmuş əmlaka yönəldilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.3-cü və 418.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 424.2.3-cü və 429.0.3-cü maddələrinə, eləcə də hər iki qərar Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.