KONSTİTUSİYA MƏHKƏMƏSİNİN 5 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY KONFRANSI KEÇİRİLƏCƏKDİR
İyulun 14-15-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakıda Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və Avropa Şurasının Venesiya Komissiyası ilə birgə konfrans keçirəcəkdir. “Demokratik dəyərlərin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu” adlı bu tədbir Azərbaycan Konstitusiya Məhkəməsinin 5 illik yubileyinə həsr olunmuşdur. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda bu məhkəmənin təşəkkülü və inkişafı, məhkəmə hakimiyyəti sistemində onun yeri, demokratik dəyərləri, insan hüquqlarının müdafiəsində və hüququn aliliyinin təmin edilməsində rolu, Konstitusiya məhkəmə icraatına İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təsiri, bir sıra xarici ölkələrin konstitusiya məhkəmələrinin demokratik dəyərlərin müdafiəsi sahəsindəki təcrübəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. Tədbirdə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və hakimləri, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycan Prezidenti İcra Aparatının hüquq mühafizə şöbəsinin müdiri Fuad Ələsgərov, respublikanın bir sıra hüquq mühafizə orqanlarının və nazirliklərinin nümayəndələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi X. Hacıyev, Avropa Şurası Venesiya Komissiyasının katibi C. Bukikkio, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri V.Zorkin, hakimlər M.Baqlay və Q. Hacıyev, Qırğızıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Ç.Baekova, Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri A. Endinş, Litva Respublikası Konstitusiya Məhkəməsinin sədri E. Kuris, Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi və baş katibi N. Şaşkin, Ukrayna Konstitusiya Məhkəməsi sədrinin müavini və baş katibi V. Şapoval, Macarıstan Respublikası Prezident Aparatı rəhbərinin müavini P. Pakjolay və GTZ-nin MDB üzrə Hüquq layihələrinin rəhbəri R. Kniperin iştirakı gözlənilir.