KOREYA RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ VERGİLƏR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səfir Lyu Kvanq Çall bildirmişdir ki, dost ölkələrimizin ticarət imkanlarının böyük potensialı olmasına baxmayaraq, ticarət dövriyyəsi qənaətbəxş hesab edilə bilməz. Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun mayın 10-13-də Azərbaycana səfərindən sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına rəsmi səfərə dəvət edilməsini və bunun cari ilin sonlarında gerçəkləşəcəyini vurğulayan səfir Lyu Kvanq Çall bildirmişdir ki, həmin səfər çərçivəsində dövlətlərarası iki mühüm sənədin imzalanacağı nəzərdə tutulmuşdur. Bunlardan biri “İnvestisiyaların qorunması və təşviqi haqqında”, digəri isə “Gəlirə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” sazişlərdir.
Birinci sənəd üzərində işin başa çatmaqda olduğunu qeyd edən səfir, ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş layihəsinin hazırlanmasının gedişi ilə maraqlanmışdır.
Vergilər naziri Fazil Məmmədov həmin saziş layihəsinin hazırlanaraq Xarici İşlər Nazirliyinə təqdim edildiyini bildirmişdir. Nazir, hər iki tərəfin səyləri artıraraq həmin saziş layihəsi üzərində işlərin tamamlanmasının və imzalanmaq üçün vaxtında təqdim edilməsinin vacibliyni vurğulamışdır.
Vergilər naziri, həmçinin Azərbaycanda xarici iş adamlarının fəaliyyəti üçün əlverişli vergi mühitinin mövcudluğu, ölkəmizin vergi orqanlarının strukturu və fəaliyyəti, vergi ödəyicilərinə xidmətin təşkili, vergidənyayınma halları ilə mübarizə tədbirləri barədə səfirə ətraflı məlumat vermişdir.
Görüşdə dövlətlərimizin vergi xidməti orqanları arasında ikitərəfli əlaqələrin qurulması perspektivləri də müzakirə edilmişdir.