SİYASƏT
Koreya Respublikasının ölkəmizdəki səfiri Milli Məclisdə olub
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov qonağı salamlayaraq, ona səfir kimi fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın davam etdiyini bildirən Malik Həsənov Azərbaycan və Cənubi Koreya prezidentlərinin qarşılıqlı səfərləri nəticəsində iki dövlət arasında əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edib.
İqtisadi sahədə əməkdaşlığa toxunan Malik Həsənov Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrastruktur və inşaat layihələrində uğurla iştirak etdiklərini deyib. O, Azərbaycan ilə Koreya arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğunu deyərək bu istiqamətdə səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrə dəyərli töhfə verəcəyinə inandığını söyləyib.
Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rauf Əliyev də səfirə yeni vəzifəsində uğurlar diləyib, Azərbaycan-Koreya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib, idman və təhsil sahəsində əməkdaşlıq barədə təkliflərini səsləndirib.
Li İn-Yonq səfir kimi ilk fəaliyyətinin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etməsindən, Azərbaycan-Koreya münasibətlərinin ötən illərdə inkişafından məmnunluğunu vurğulayaraq, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirib.
Diplomat ölkəsinin Azərbaycanda həyata keçirdiyi layihələrdən söz açıb. O, fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişafı üçün bütün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ülvi Quliyev də iştirak edib.