KRAKOVDA AVROPA ŞURASININ KİNO SİYASƏTİ ÜZRƏ FORUMU KEÇİRİLƏCƏK
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 11-13-də Polşanın Krakov şəhərində Avropa Şurasının Kino siyasəti üzrə Forumu keçiriləcəkdir. Tədbirdə Avropa Şurasının üzvü olan dövlətlər arasında kino sahəsində qarşılıqlı münasibətlər və Avropa mədəniyyət siyasətində, mədəniyyətlərarası dialoqda kinonun rolu barədə müzakirələr aparılacaqdır.
Forumda Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin əməkdaşı Vasif Eyvazzadə iştirak edəcəklər. Tədbir çərçivəsində Avropa Şurasının və üzv dövlətlərin nümayəndələri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq, iştirakçılar Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin 2-3 dekabrda Bakıda keçiriləcək konfransı barədə məlumatlandırılacaqlar.
Forumda Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru Robert Palmerlə sözügedən Bakı konfransının təşkil olunması istiqamətində görülmüş işlər və regionda baş verən hadisələr fonunda Bakı prosesinin əhəmiyyəti barəsində fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı çərçivəsində Sərhədyanı Kino Əməkdaşlığı layihəsi ilə əlaqədar görüş də keçiriləcəkdir.
Səfər çərçivəsində Avropa Şurasının nümayəndələri ilə Azərbaycanın “Eurimages” Dəstək Fonduna üzvlük məsələlərinin müzakirəsi də planlaşdırılır. Fondun əsas məqsədi Avropa kinematoqrafiyasının inkişafı üçün bu sahənin, ilk növbədə, maliyyə baxımından dəstəklənməsinə, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə nail olmaqdır.