KRASNOYARSK ŞƏHƏRİNDƏ YAŞAYAN SOYDAŞLARIMIZ BESLAN ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ TERROR AKSİYASINI QƏTİYYƏTLƏ PİSLƏYİRLƏR
Bəyanatda deyilir: Krasnoyarsk diyarında yaşayan azərbaycanlılar Beslan şəhərində baş vermiş terror hadisəsini qətiyyətlə pisləyir və bəyan edir ki, dini, milli və digər formalarından asılı olmayaraq terrorizm bəşəriyyəti sarsıdan çox pis hadisədir. Özlərini Rusiya Federasiyası əhalisinin bir hissəsi hesab edən azərbaycanlılar terrorizmə qarşı keçiriləcək aksiyalarda hər zaman fəal iştirak edəcək, bu bəşəri problemin həllinə köməklərini əsirgəməyəcəklər.
Krasnoyarskda yaşayan azərbaycanlılar belə hesab edirlər ki, hər bir vətəndaş milli mənsubiyyətindən asılı olmayaraq əlindən gələni etməli, Yer kürəsini bürüyən terrora qarşı fəal mübarizəyə qoşulmalıdır. Məhz birgə fəaliyyət nəticəsində harada olmasına və milli mənsubiyyətinə baxmayaraq, terrorçular Rusiyaya və onun çoxmillətli xalqına qarşı törətdikləri hər bir faciəyə görə layiq olduqları ən ağır cəzanı alacaqlar.
Sənəddə “Azəri” Azərbaycan Milli-Mədəni Muxtariyyatı terrordan zərər çəkmiş hər bir insana dərin hüznlə başsağlığı verir və bütün Rusiya xalqının kədərinə şərik çıxır.