KREDİT SİSTEMİ TİBB UNİVERSİTETİNDƏ DƏ TƏTBİQ OLUNACAQ
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Azərbaycan Tibb Universitetində (ATU) “Boloniya prosesinin tibb təhsilində kredit sisteminin tətbiqi” mövzusunda seminar keçirilmişdir.
Dünya Səhiyyə Təşkilatı, Tibbi Təhsil üzrə Səhiyyə Federasiyası, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ATU ilə birgə təşkil edilmiş tədbirdə Boloniya prosesinin tibb təhsilinə uyğunlaşdırılması məsələsi müzakirə olunmuşdur.
Universitetin rektoru, akademik Əhliman Əmiraslanov təhsilimizin Avropa təhsil sisteminə inteqrasiya olunması istiqamətində görülən işlərdən bəhs edərək, bir sıra ali məktəblərimizdə kredit sisteminin tətbiq edildiyini bildirmişdir. Ə.Əmiraslanov rəhbərlik etdiyi ali təhsil ocağının tibbi biologiya fakültəsində kredit sisteminə keçildiyini nəzərə çatdırmış, seminarın işinə uğurlar arzulamışdır.
Sonra Dünya Səhiyyə Təşkilatı və Tibb Təhsili üzrə Dünya Federasiyasının məsləhətçisi, Kopenhagen Universitetinin professoru Layf Kristensenin “Tibb təhsilində Avropa kredit transferləri sisteminin tətbiqi” (TTAKTS)” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi demişdir ki, TTAKTS 1000-dən artıq ali təhsil müəssisəsində istifadə olunmaqdadır və bəzi Avropa ölkələrinin bütün ali məktəblərinin proqramlarında, milli təhsil qanunlarında öz əksini tapmışdır.
Kreditlər, onların tələbələr, müəllimlər və tibb məktəbləri tərəfindən istifadəsi, kreditlərin tədris planının formalaşdırılmasında tətbiqindən ətraflı bəhs edilmişdir.
İştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Seminar işini davam etdirir.