CƏMİYYƏT
Ksavye Rişe: “Azərbaycan böyük dövlətlər arasında” kitabı tədqiqatçılar üçün zəngin mənbədir VİDEO
Paris, 9 mart, AZƏRTAC
“Azərbaycan böyük dövlətlər arasında” kitabında bugünkü vəziyyətlə bağlı aparılan paralel müqayisələr diqqətimi daha çox cəlb etdi. Bir əsr öncə olmuş və bugünkü hadisələrin müqayisəsi siyasətçilər üçün çox maraqlıdır. Birinci Azərbaycan Demokratik Respublikasından, onun fəaliyyəti və nailiyyətlərindən bəhs edən kitab xüsusilə arxiv sənədlərindən istifadə olunduğu üçün tədqiqatçılar üçün zəngin mənbədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın Sorbon Universitetinin professoru Ksavye Rişe səfir Rəhman Mustafayevin fransız dilində işıq üzü görmüş “Azərbaycan böyük dövlətlər arasında” adlı kitabı ilə bağlı söyləyib.
“Azərbaycanın geosiyasəti ilə maraqlanıram. Xüsusilə də Azərbaycanın regional, eləcə də Avropa ilə münasibətləri, Avropaya inteqrasiyası, Şərq Tərəfdaşlığı və Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlıq məni çox maraqlandırır. Ümumiyyətlə, Qafqaz regionu, Cənubi Qafqaz ölkələri məsələsi çox maraqlıdır. Bu gün regionda baş verən hadisələr geosiyasətçilərin diqqətini daha çox cəlb edir”, -deyə K.Rişe bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris