Kulinarlarımızın növbəti uğuru
Bakı, 8 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Makedoniyanın Strumica şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında ölkəmizi 8 kulinar təmsil edib. Həmişə olduğu kimi bu yarışmada da kulinarlarımız milli mətbəx nümunələrimizi tanıtmaqla yanaşı, Vətənə medallarla dönüblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov Strumica şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatının yekunlarına həsr olunun mətbuat konfransında deyib.
“Trend” xəbərlər şirkətinin mətbuat mərkəzində təşkil olunan mətbuat konfransı Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə reallaşıb.
AMKA prezidenti Tahir Əmiraslanov bildirib ki, çempionatda 24 ölkə (Azərbaycan, Ukrayna, Makedoniya, İtaliya, Serbiya, Xorvatiya, Çernoqoriya, Rusiya, Çexiya, Böyük Britaniya, Polşa, Sloveniya, Bolqarıstan, Türkiyə, Rumıniya, Yunanıstan, Slovakiya, İsveçrə, İsrail, Albaniya, İsveç, Monqolustan, İslandiya, Kipr ) iştirak edib.
Təkbətək və komanda yarışlarında Azərbaycan kulinarları ümumilikdə 5 fərdi, 1 komanda və bir yerli sinifdə çıxış edib. Nəticədə komandamız 3 qızıl, 3 gümüş və 2 kubok qazanıb.
Vurğulanıb ki, Makedoniyanın Baş naziri Zoran Zaev aşpazların mükafatlandırılması mərasimində iştirak edib. Azərbaycan nümayəndə heyəti tərəfindən Zoran Zaevə “Azerbaijan Culinary” kitabı hədiyyə edilib.
Kulinarlarımız çempionatda “Azərsun Holdinq”in məhsullarından istifadə ediblər.
Qeyd edək ki, Tahir Əmiraslanov yarışmanın beynəlxalq münsiflər heyətində təmsil olunub.