Kürdəmirdə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa təşkil edilib
Kürdəmir, 29 mart, AZƏRTAC
Kürdəmirdəki Heydər Əliyev Mərkəzində 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə rayon rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində təşkil edilən, azərbaycanlıların soyqırımına dair kitab, foto və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Dəyirmi masada soyqırımına məruz qalan insanların, vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 1918-ci il soyqırımı hadisələrinə həsr olunan “Tarixin görünən və görünməyən üzü” adlı sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Xırdapay kənd tam orta məktəbinin direktoru İnqilab Rəsulov “Azərbaycanlıların soyqırımının mahiyyəti və tarixi kökləri”, şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Elnurə Eminbəyli “31 mart - Tarixin qanla yazılan yaddaşı”, Kürdəmir Peşə Liseyinin müəllimi Ağaməhəmməd Hacıyev “Kürdəmir soyqırımı illərində”, Mərkəzi Kitabxanalar Sisteminin direktoru İradə Mahmudova “Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur” mövzularında çıxış ediblər. Çıxışçılar erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri qırğınlardan, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qətliamlara obyektiv hüquqi-siyasi qiymətin verilməsindən, 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan etməklə tarixi ədalətin bərpasından danışıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli vurğulayıb ki, Azərbaycanda XIX-XX əsrlərdə baş verən bütün faciələr torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin xalqımıza qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan verməyib. Zaman keçdi, haqq-ədalət öz yerini aldı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına siyasi qiymət verildi.
Çıxışlarda vurğulanıb ki, vaxt gələcək, erməni daşnakları öz layiqli cəzalarını alacaqlar.