Küveytin “Əl-Vasat” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Küveytin “Əl-Vasat” qəzetində küveytli müəllim Abdulla Əl-Raşidin 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc edilmişdir. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a məlumat verilmişdir.
Məqalədə sovet qoşunları tərəfindən törədilmiş faciə nəticəsində çoxlu sayda günahsız insanın qətlə yetirildiyi, yaralandığı, həbs edildiyi bildirilir. Qeyd edilir ki, bu faciə Azərbaycan xalqının birliyini parçalaya, onun müstəqil dövlət yaratmaq arzusunun qarşısını ala bilmədi.
Diqqətə çatdırılır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının çoxsaylı əsgərləri heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə daxil olmuşlar. Bu əməliyyatın həyata keçirilməsi planı öncədən hazırlanmışdı. Sovet qoşunları Bakıya daxil olmamışdan əvvəl Azərbaycanda televiziya yayımının dayandırılması məqsədilə televiziyanın enerji bloku partladıldı. Məqsəd fövqəladə hal elan olunması ilə bağlı məlumatın xalqa çatdırılmasının qarşısını almaq idi. Qanuni hüquqları və ölkənin azadlığı uğrunda mübarizəyə qalxmış dinc nümayiş iştirakçılarına atəş açılmaqla qanlı hərbi əməliyyatlara başlandı. Bu günahsız insanlar heç bir silah daşımırdılar. Onların Vətənə və xalqa olan sevgidən başqa heç bir silahı yox idi.
Müəllif qeyd edir ki, sovet ordusu beynəlxalq hüququn normalarına zidd olaraq uşaqlar, qadınlar, yaşlılar da daxil olmaqla qarşısına çıxan hər kəsi qətlə yetirirdi.
Məqalədə bildirilir ki, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən biri də zəhərli güllələrdən istifadə edilməsi idi. Məqsəd o idi ki, həkimlər yaralılara heç bir tibbi yardım göstərə bilməsinlər.
Məqalənin ərəb dilində mətni ilə aşağıdakı ünvandan tanış olmaq mümkündür:
http://www.alwasat.com.kw/news/templates/wassat-darkblue.aspx?articleid=61147&zoneid=1