Kvant informatikası ilə bağlı tədqiqatlar İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir
Bakı, 28 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Kvant texnologiyaları: mövcud vəziyyəti, problemlər və perspektivlər” mövzusunda elmi müzakirə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, institutun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov məruzəsində kvant texnologiyalarının yaranma tarixi, mövcud yanaşmalar və perspektivlərdən danışıb. O bildirib ki, süni intellekt, böyük verilənlər və əşyaların interneti kimi sahələrin sürətli inkişafı hesablama gücünə olan tələbatı əhəmiyyətli dərəcədə artırıb və klassik kompüterlər mürəkkəb optimallaşdırma, modelləşdirmə və kriptoqrafik məsələlərdə məhdudiyyətlərlə üzləşir. Məhz bu səbəbdən kvant mexanikasının qanunlarına əsaslanan kvant texnologiyaları XXI əsrin strateji rəqabət sahəsi və gələcəyin ən perspektivli istiqamətlərindən biri kimi qəbul olunur.
Məruzəçi kvant nəzəriyyəsinin tarixinə nəzər salaraq bu sahənin XX əsrin əvvəllərində Maks Plank, Albert Eynşteyn, Nils Bor, Verner Heyzenberq kimi alimlərin kəşfləri ilə formalaşdığını, həmin elmi əsasların sonrakı onilliklərdə kvant kompüterləri, kvant rabitəsi və kvant sensorları kimi müasir texnologiyaların yaranmasına yol açdığını vurğulayıb. Kvant texnologiyalarının əsas prinsipləri və iş mexanizmi, eləcə də kvant sistemlərinin arxitekturası haqqında məlumat verib.
Mövcud kvant hesablama sistemləri barədə məlumat verən tədqiqatçı bildirib ki, “IBM”, “Google”, “IonQ”, “Rigetti” və “D-Wave” kimi şirkətlər artıq yüzlərlə, bəzi hallarda isə minlərlə qubitə malik kvant prosessorları hazırlayır və bu resurslara bulud platformaları vasitəsilə uzaqdan çıxış imkanı yaradılıb. Eyni zamanda, vurğulanıb ki, kvant kompüterləri klassik kompüterləri əvəz etmək üçün deyil, məhz faktorizasiya, molekulyar modelləşdirmə və mürəkkəb optimallaşdırma kimi xüsusi problemləri daha səmərəli həll etmək üçün nəzərdə tutulmuşdur.
M.Həşimov dünyanın aparıcı ölkələrinin – ABŞ, Çin, Avropa İttifaqı, Yaponiya, Kanada, Böyük Britaniya və Rusiyanın milli proqramlar və böyük investisiyalar vasitəsilə kvant üstünlüyü əldə etməyə çalışdığını nəzərə çatdırıb. Həmçinin qeyd edib ki, 2022-ci və 2025-ci illərdə Fizika üzrə Nobel mükafatlarının kvant dolaşıqlığı və superkeçirici kvant dövrələri sahəsindəki tədqiqatlara verilməsi bu istiqamətin elmi əhəmiyyətini bir daha təsdiq edir.
Məruzəçi çıxışı zamanı kvant texnologiyalarının kibertəhlükəsizliklə bağlı yaratdığı yeni çağırışlardan da bəhs edib, kvant texnologiyalarının dövlətin kibersuverenliyinin və kritik infrastrukturun qorunmasında mühüm rol oynadığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək mövzunun müasir elmi-texnoloji çağırışlar baxımından xüsusi aktuallıq kəsb etdiyini qeyd edib. Alim bildirib ki, bu gün kvant texnologiyaları dünya elminin diqqət mərkəzində olan və gələcəyin texnoloji inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm istiqamətlərdən birinə çevrilməkdədir.
Akademik Rasim Əliquliyev kvant informatikasının institutun diqqət yetirdiyi perspektiv tədqiqat istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Gələcəkdə kvant informatikası və kvant proqram mühəndisliyi üzrə tədqiqatların davam etdirilməsi, daha da dərinləşdirilməsi, o cümlədən bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı alim və mütəxəssislərin qarşısında mühüm vəzifələrin dayandığını bildirib, bu istiqamətdə təklif və tövsiyələrini səsləndirib.