Gənc xanəndə: Doğma Laçında milli musiqimizi səsləndirmək sözlə ifadə olunmayacaq xoşbəxtlikdir
Laçın, 27 avqust, AZƏRTAC
Laçınlı bir gənc olaraq böyük qürur hissi keçirirəm ki, doğma Laçın torpağında, ata-babalarımın doğulub boya-başa çatdığı yurdda, məhz Laçın Şəhəri Günündə səhnədə çıxış etdim. Laçında keçirilən müxtəlif tədbirlərdə iştirak etmək mənim üçün hər dəfə xüsusi sevinc və fəxarət mənbəyidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında XI “Muğam” Televiziya Müsabiqəsinin finalçısı, gənc xanəndə Yusif Cəfərbəyli deyib.
Xanəndə bildirib ki, yenidən Laçın səhnəsində olmaq, doğma yurdun sakinləri və şəhərin qonaqları qarşısında milli musiqimizi səsləndirmək onun üçün sözlə ifadə olunmayacaq dərəcədə qürurvericidir: “Laçın havası, suyu, bənzərsiz təbiəti və zəngin mədəni irsi ilə tarix boyu Azərbaycanın mədəniyyət beşiklərindən biri olub. Bu müqəddəs torpaqda səhnəyə çıxmaq, doğma yurdda insanlarla görüşmək hər bir laçınlı sənətçi üçün ən böyük xoşbəxtlikdir”, – deyə o vurğulayıb.
Y.Cəfərbəyli qeyd edib ki, bir vaxtlar yalnız xəyal kimi görünən bu gün artıq gerçəyə çevrilib: “Bu gün biz həmin arzunun reallaşdığını görürük. Doğma Laçında sənətimizi təqdim edir, öz yurdumuzda, öz insanlarımızın qarşısında çıxış edirik. Bu, artıq xəyal deyil, Böyük Qayıdışın bəxş etdiyi reallıqdır. Bundan böyük xoşbəxtlik və qürur hissi ola bilməz”, – deyə gənc xanəndə vurğulayıb.