Şimal-qərb bölgəsində təhsil işçilərinin sentyabr konfransları başlayıb
Şəki, 27 avqust, AZƏRTAC
Bu gün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhəri, Qəbələ, Oğuz və Zaqatala rayonlarında 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfranslar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini, struktur bölmə rəhbərləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin sədrləri, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri, rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfranslarda rayon təhsil sektorlarının rəhbərləri tərəfindən ötən tədris ilinin nəticələri, əldə olunan nailiyyətlər haqqında hesabatlar təqdim edilib və qarşıda duran məsələlər müzakirə olunub. Yeni tədris ili üzrə əsas hədəflər və prioritet istiqamətlər diqqətə çatdırılıb.
Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi ilə bağlı əsas vəzifələr vurğulanıb.
Sonda müəyyən edilmiş hədəflərin həyata keçirilməsi və təhsil göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Konfransların ikinci günü panel müzakirələri ilə davam etdiriləcək.
Müxbir - Rasim İslamoğlu